AMEA prezidenti akademik İsa Həbibbəyli UNEC-də keçirilən “Elm Günləri”ndə Azərbaycan elminin tarixi yolu və gələcək prioritetləri barədə çıxış edib.
Bu barədə hafta.az-a AMEA-dan bildirilib.
Akademik qeyd edib ki, Azərbaycan orta əsrlərdə Şərq və dünya elminin inkişafında mühüm rol oynayıb. Bu dövrdə ölkə ərazisində fəaliyyət göstərən alimlər fəlsəfə, riyaziyyat, astronomiya, tibb və dilçilik kimi müxtəlif sahələrdə dəyərli elmi əsərlər yaradıb, ümumbəşəri elmi irsin zənginləşməsinə önəmli töhfələr veriblər. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanın elmi mühiti Şərq ilə Qərb arasında bilik və ideya mübadiləsinin əsas mərkəzlərindən biri kimi çıxış edib, burada formalaşan elmi yanaşmalar və nəzəriyyələr sonrakı dövrlərdə də elmin inkişafına güclü təsir göstərib. Azərbaycan elminin tarixinin dərin köklərə söykəndiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, Azıx mağarasının divarlarına hələ 400 min il əvvəl işarələr yazan insanlar Azərbaycanda biliklərin yaranmasında ilk addımlar atıblar. Onun sözlərinə görə, VII əsr Azərbaycan və ümumtürk tarixini əks etdirən qədim epos olan “Kitabi- Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqud isə oğuz türklərinin ilk şairi və elm xadimi hesab olunur.
O, Azərbaycanın dünyada ilk Akademiya quran ölkələrdən biri olduğunu deyərək ölkəmizdə Akademiya tipli ilk elmi qurumun XIII əsrdə görkəmli elm xadimi Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanası olduğunu diqqətə çatdırıb. Bildirib ki, universal akademik qurum olan Marağa Rəsədxanasında astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və sair kimi elm sahələrinə dair tədqiqatlar aparılıb. Həmçinin XIV əsrdə təsis edilmiş, Rəşidəddinin rəhbərlik etdiyi Təbriz Daruş-Səfa Akademiya şəhərciyi də universal fəaliyyət sahəsinə malik olub, bir çox elmləri və təhsil sahəsini də əhatə edib.
Akademik müasir AMEA-nın 1923-cü ildə yaradılmış "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin varisi olduğunu və hazırda süni intellekt, rəqəmsallaşma və yaşıl enerji kimi qlobal çağırışlara fokuslandığını vurğulayıb. Həmçinin Qarabağ Universiteti ilə sıx əməkdaşlıq çərçivəsində ali məktəbin kitabxanasına ümumilikdə 2200-dən çox kitabın hədiyyə edildiyini bildirib. Çıxışının sonunda akademik UNEC-in beynəlxalq reytinqlərdəki uğurlarını yüksək qiymətləndirərək elm adamlarını peşə bayramı münasibətilə təbrik edib.